Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılmışdır. Məqsəd, Bakı şəhərində nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləməni və dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • müvafiq sahədə dövlət nəzarətinin həyata keçirilməsini təmin edir;
  • avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımaların və taksi minik avtomobilləri ilə sərnişindaşımaların (bundan sonra – müvafiq sərnişindaşıma) mərkəzləşdirilmiş qaydada tənzimlənməsini və idarə edilməsini təşkil edir;
  • nəqliyyat axınının mərkəzləşdirilmiş qaydada idarə olunmasını təşkil edir və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin edir;
  • müvafiq sahənin inkişafını təmin edir.