"BakıKART" kartını hardan əldə etmək olar?

Bakı metropoliteninin  stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılan "BakıKART" terminallarından, mətbuat köşklərindən bu kartları əldə edə və balansınızı artıra bilərsiniz.

 

Bir neçə "Metrokart"ı bir "BakıKART" kartına transfer etmək olarmı?
Hər bir alınan yeni "BakıKART" kartına ancaq bir "Metrokart"ın depozit qiyməti və balansı pos-terminallar vasitəsilə transfer oluna bilər. Transfer olunduqdan sonra "Metrokart"lar xəzinədarlarda qalır.

 

"BakıKART" kartları ilə əlaqədar sual yaranarsa, hara müraciət etmək lazımdır?
Kartın çipində hər hansı bir problem yaranarsa və ya kart fiziki qüsura malik olarsa, "BakıKART" kartlarını Bakı Metropoliteninin 4 stansiyasında (20 Yanvar,  28 May, Nəriman Nərimanov, Neftçilər) yerləşən kart analiz mərkəzlərinə gətirmək lazımdır. Əvvəlcə kartın işləyib-işləməməsi yoxlanılacaqdır. Yoxlanıldıqdan sonra "BakıKART" kartının işləməməsi müəyyən edilərsə, yerindəcə həmin istifadəçiyə yeni "BakıKART" kartı verilir və istifadəçinin əvvəlki kartının nömrəsi qara siyahıya salınaraq geri alınır. Hər bir istifadəçi yalnız bir dəfə işləməyən "BakıKART" kartını yenisi ilə pulsuz dəyişə bilər.

 

Bəs digər suallar yarandıqda hara müraciət edilməlidir?
Əgər "BakıKART" kartı və terminalı ilə bağlı başqa sualınız yaranarsa, "BakıKART" layihəsinin nümayəndələri sizə sualın cavablandırılmasında kömək göstərəcəkdir. Habelə Siz hər hansı bir məlumatı qaynar xəttimizdən (*4343) əldə edə bilərsiniz.

 

Bir "BakıKART" kartı vasitəsilə iki və daha artıq şəxsin avtobusda ödənişini həyata keçirmək mümkündürmü?
"BakıKART" kartına sahib olan hər bir sərnişin "BakuBus" MMC-yə məxsus avtobuslara minərkən sahib olduğu kart vasitəsilə bir neçə nəfərin yerinə ödəniş edə bilər.

 

Yeni vahid kart sisteminin tətbiqinin nə kimi üstünlükləri vardır?
Vahid "BakıKART" sistemi bu üstünlüklərə malikdir: özündə ictimai nəqliyyat ödənişlərini birləşdirir, ictimai nəqliyyatdan istifadə edənlərin vaxta qənaətini və rahatlığını təmin edir.

 

Terminallardan və köşklərdən hansı növ kartları almaq mümkündür?
"BakıKART" terminallarından "BakıKART" plastik kartlarını və "BakıKART Məhdud istifadə üçün" kağız kartlarını, köşklərdən isə yalnız plastik kartları almaq mümkündür.

 

Sərnişinlərin "BakıKART" plastik kartlarını almasını stimullaşdıran nədir?
"BakıKART" plastik kartla ictimai nəqliyyat sistemində tam nağdsız ödəniş həyata keçirmək mümkündür. Eyni zamanda bu kartların istifadəsində vaxt məhdudiyyəti yoxdur və bu kartlara istənilən məbləğdə balans yükləmək mümkündür. "BakıKART" plastik kartlarının balansını artırmaq üçün nəzərdə tutulmuş "BakıKART" terminallarında 10, 20, 50 qəpik dəyərində sikkələrdən, 1, 5, 10, 20, 50 və 100 Azərbaycan manatı dəyərində əskinaslardan istifadə edilə bilər. Bundan başqagələcəkdə bu kartların digər ödənişlərdə də istifadə edilməsi nəzərdə tutulur.