“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 610; 2009, № 10, maddə 779; 2016, № 4, maddə 661) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bənddən “, 6.5-ci” və “21.1-ci, ” sözləri çıxarılsın və aşağıdakı məzmunda 2.2-1-ci, 2.2-2-ci və 2.2-3-cü bəndlər əlavə edilsin:

“2.2-1. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində avtovağzallara (avtostansiyalara), dayanacaq məntəqələrinə və avtomobil duracaqlarına, habelə yerüstü və yeraltı keçidlərə və xüsusi operativ nəqliyyat vasitələri üçün əlavə yollara münasibətdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi həyata keçirir;

2.2-2. həmin Qanunun 21.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə, müvafiq olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyəti başçıları yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma idarələri həyata keçirir;

2.2-3. həmin Qanunun 27.3-cü maddəsinin dördüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımanı həyata keçirən şəxslərə və taksi minik avtomobillərinin sürücülərinə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi həyata keçirir;”.

2. 2.4-cü bənddə “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə, müvafiq olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyətinin başçıları yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma idarələri” sözləri ilə əvəz edilsin.”.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2016-cı il

№ 968