Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat könüllüləri” “Könlüm Xocalı” adlı anım tədbirində iştirak edib

27.02.2020 09:50

Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat könüllüləri” “Könlüm Xocalı” adlı anım tədbirində iştirak edib. Eyni zamanda, tədbirə Xocalı soyqırımının şahidləri, dövlət rəsmiləri, gənclər təşkilatlarının rəhbərləri və ölkədə fəaliyyət göstərən könüllü hərəkatları və təşkilatlarının iki minə yaxın üzvü qatılıb.
İştirakçılara soyqırım barədə xüsusi hazırlanmış təqdimat nümayiş etdirilib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən - 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirildiyi soyqırımı nəticəsində bir gecədə 106-sı qadın, 63-ü uşaq, 70-i ahıl insanlar olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib.
Xüsusi olaraq vurğulanıb ki, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası soyqırımın tanınmasında mühüm rol oynayır.