İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın (UITP) Avrasiya ofisi tərəfindən üzv qurumların videokonfrans formatında görüşü təşkil olunub

22.04.2020 12:45

21 aprel tarixində İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın(UITP) Avrasiya ofisi tərəfindən üzv qurumların videokonfrans formatında görüşü təşkil olunub. “COVID-19 pandemiyası dövründə ictimai nəqliyyatın fəaliyyətinin təmin edilməsində texnologiyaların tətbiqi” mövzusuna həsr olunan görüşə Mos Trans Proyekt Tədqiqat İnstitutu, Paris Nəqliyyat Təşkilatı, Bakı Nəqliyyat Agentliyi, Moskva və Peterburq Metropolitenlərinin və digər şirkətlərin məsul şəxsləri qatılıblar. İştirakçılar pandemiyaya qarşı mübarizədə həyata keçirdikləri fəaliyyətlər və tətbiq edilən yeniliklər barədə təqdimatla çıxış ediblər. 

Görüşü regiondan 140-dan çox iştirakçı da izləyib. Bakı Nəqliyyat Agentliyinin Aparat rəhbəri Gülşən Rzayeva təqdimatla çıxış edərək ölkəmizdə pandemiyaya qarşı mübarizədə həyata keçirilən tədbirlər, dövlətin sosial-iqtisadi dəstəyi və ictimai nəqliyyatın təşkilində BNA tərəfindən görülən işlər, ekspress marşrut xətlərinin təşkili, ictimai nəqliyyatda və nəqliyyat infrastrukturunda aparılan dezinfeksiya işləri, geniş maarifləndirmə kampaniyası barədə məlumat verib. Həmçinin, mərkəzləşdirilmiş dispetçer xidmətinin fəaliyyəti, onun hazırkı vəziyyətdə sərnişin axınının izlənməsi və sıxlıqların qarşısının alınması üçün müvafiq tədbirlərin icrası, ictimai nəqliyyatın intellektual idarəedilməsində əhəmiyyəti vurğulanıb. 

Daha sonra Agentlik tərəfindən həyata keçirilən “Hava keyfiyyətinin indeksi” layihəsi haqda məlumat verilib. Bildirilib ki, paytaxtımızda Koronavirus səbəbilə tətbiq edilən karantin rejimi dövründə nəqliyyat vasitələrinin sayında müşahidə olunan azalma şəhərin ekoloji durumuna müsbət təsir etməkdədir.Layihə çərçivəsində paytaxtın müxtəlif ərazilərində quraşdırılan sensorlar vasitəsilə qeydə alınan rəqəmlərə əsasən havada olan sərt hissəciklərdə 50 faiz azalma müşahidə edilir. Bu proqramın həmçinin, BNA tərəfindən həyata keçiriləcək bir sıra layihələrin səmərəliliyinin ölçülməsində istifadə olunması nəzərdə tutulur.  

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi 2018-ci ildən UITP-nin üzvüdür, UITP-nin Avrasiya üzrə İcraiyyə Komitəsində təmsil olunur.