24 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC tərəfindən həyata keçiriləcək

09.06.2020 17:15

Nəqliyyat xidmətləri üzrə keyfiyyət və təhlükəsizliyin artırılması məqsədilə keçirilən müsabiqənin nəticəsinə uyğun olaraq, 24 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC tərəfindən həyata keçiriləcək. 

Hazırda “Kral Transport” MMC-nin müvəqqəti istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə nəqliyyat xidmətlərinin keyfiyyət və təhlükəsizliyinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu. Ayrı-ayrı vaxtlarda vətəndaşlar tərəfindən marşrut xətti ilə bağlı 185 şikayət daxil olub. 

Daxil olan şikayətlərə əsasən monitorinqlər aparılıb. Marşrut üzrə köhnəlmiş, oturacaqları yırtıq, dəmir detalları korroziyaya uğramış, texniki cəhətdən nasaz və natəmiz olan avtobusların istismarda olduğu müşahidə edilib.  

Eyni zamanda sürücülər tərəfindən normadan artıq sərnişin götürərək açıq qapılarla hərəkət etməsi, avtobusda sərnişinlərin olmasına baxmayaraq sürücülərin sükan arxasında siqaret çəkməsi, sürücülərin sərnişinlərlə kobud davranması və digər sərnişindaşıma və yol hərəkəti qaydalarının pozulması halları aşkar edilib. 

Dəfələrlə daşıyıcıya yazılı və şifahi olaraq xəbərdarlıq olunsa da bu istiqamətdə hər hansı bir tədbir görülməyib.

Bu xətt üzrə 12 metrlik BMC Procity markalı avtobuslar fəaliyyət göstərəcək. Avro 6 standartlarına cavab verən avtobuslar rahatlığı eləcə də, fiziki imkanları məhdud sərnişinlər üçün əlçatanlığı ilə də fərqlənir. Dəyişiklik sayəsində bu xətt üzrə də ödəniş nağdsız formada həyata keçiriləcək.

Vətəndaşlardan daxil olan çoxsaylı müraicətlər nəzərə alınaraq, 24 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemində də dəyişiklik edilib. Belə ki, bu xətt üzrə avtobusların hərəkəti metronun N.Nərimanov stansiyası-Qaraçuxur qəsəbəsi olmaqla təşkil edilib. Bununla da 45 mindən artıq sakini olan Qaraçuxur qəsəbəsinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi və N.Nərimanov metro stansiyası ilə birbaşa marşrut xətti ilə əlaqələndirilməsi təmin olunub.

Yeni hərəkət sxeminə əsasən Bakı Olimpiya Stadionunun ictimai nəqliyyatla hər iki istiqamətdə əlaqələndirilməsi də təşkil edilib.