Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı ilə Xocasən-Lökbatan yolunun ətrafında ağacəkmə aksiyası keçirilib

20.03.2021 11:05

Yaz ağacəkmə kampaniyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı ilə Xocasən-Lökbatan yolunun ətrafında ağacəkmə aksiyası keçirilib. 

Ağacəkmə aksiyasında 1 hektar ərazidə 750-yə yaxın Eldar şamı, zeytun, şərq çinarı ağacı əkilib. Əraziyə damcılı suvarma sistemi çəkilib. Əkilən ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC və Meşələrin İnkişafı Xidmətinin tinglik sahələrində yetişdirilib.

Bakı Nəqliyyat Agentliyinin şəhər nəqliyyatının inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərin əsas məqsədlərindən biri də paytaxtın ekoloji durumunun yaxşılaşdırılması işinə töhfə verməkdir.  

Yeni və ekoloji cəhətdən təmiz avtobusların istismara verilməsi ilə sərnişinlərin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılması, bununla da yaranan tıxacların qarşısının alınması hədəf olaraq hesablanıb. Əsas məqsəd ekologiyaya buraxılan zəhərli qazların miqdarını minimuma endirməkdir. 

Ekoloji amillər nəzərə alınmaqla ətraf mühitin qorunması, eləcə də, 2022-ci ildən Bakı şəhərinin ictimai nəqliyyat şəbəkəsində yalnız sıxılmış təbii qaz (CNG) və ya elektrik mühərriklə işləyən avtobusların istismar edilməsi əsas hədəf istiqamətlərindəndir.

Qeyd edək ki, hazırda paytaxtda 715 ədəd sıxılmış təbii qazla (CNG) işləyən və ətrafı çirkləndirməyən, komfortlu avtobuslar istismar edilir. Dövlət başçısının tapşırığına əsasən bu il daha 320 ədəd yeni nəsil Avro 6 standartlarına cavab verən "BMC" markalı sıxılmış təbii qazla (CNG) işləyən avtobuslar gətiriləcək.