BNA-nın baş direktoru sərnişinin həyatını xilas edən sürücüyə təşəkkür etdi

29.03.2017 00:00

Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli, martın 26-da 8 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda qəflətən halı pişləşən sərnişinə ilk tibbi yardım göstərərək həyatını xilas edən sürücü Həsənov Zakir Akif oğlu ilə görüş keçirib. Baş direktor bildirib ki, sürücü Zakir Həsənovun xidməti vəzifəsini yerinə yetirərkən göstərdiyi nümunəvi hərəkət təqdirə layiqdir. Diqqətə çatdırılıb ki, bu gün ictimai nəqliyyatda xidmət göstərən sürücülər nəqliyyat vasitəsini idarə etməklə yanaşı, eyni zamanda sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün zəruri hesab edilən bilik və bacarıqları da bilməlidir. Qeyd edilib ki, sürücülərin bu istiqamətdə maarifləndirilməsi və praktik təlimlərə cəlb edilməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyi daşıyıcılar qarşısında qanunvericilikdən irəli gələn tələblər qoyub. Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzi istifadəyə verildikdən sonra bu sahədə nəzərdə tutulan tədbirlər daha təkmil formada həyata keçiriləcək.

Sonda, sürücü Zakir Həsənova Bakı Nəqliyyat Agentliyinin baş direkrou Vüsal Kərimlinin adından təşəkkürnamə təqdim edilib. Sürücü Zakir Həsənov göstərilən diqqətə görə təşəkkürünü bildirib. Vurğulayıb ki, tibbi yardıma ehtiyacı olan sərnişinə ilk yardım göstərməklə, o, üzərinə düşən vəzifə və insani borcunu yerinə yetirib.