BNA Bakı-2017 4-cü İslam Həmrəyliyi Oyunları zamanı məlumatlandırma və maarifləndirmə işlərini daha genişləndirilmiş şəkildə həyata keçirəcək

14.04.2017 00:00

28 gündən sonra paytaxt Bakının ev sahibliyi ilə keçiriləcək Bakı-2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı nəqliyyat sisteminə aid bütün məlumatlandırma işləri Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcək. Bunula əlaqədar olaraq sizlərdən Oyunlardan əvvəl və Oyunlar zamanı ictimai nəqliyyatın iş rejimi ilə bağlı məlumatlar, avtobus marşrutlarındakı dəyişikliklər, bağlanan yollar və Oyunlarla bağlı bütün nəqliyyat tədbirləri haqqında, o cümlədən Bakı-2017 İslam Oyunlarının xüsusi hərəkət zolaqları ilə bağlı ən son rəsmi məlumatları əldə etmək üçün Bakı Nəqliyyat Agentliyinin rəsmi informasiya mənbələrinə (Bakı Nəqliyyat Agentliyinin bna.az internet səhifəsi, Bakı Nəqliyyat Agentliyinin facebook səhifəsi, Mətbuat Xidməti), eləcə də Bakı -2017 internet səhifəsinə (www.baku2017.com) müraciət etməyiniz xahiş olunur.

Bununla yanaşı, oyunlarla bağlı bütün nəqliyyat tədbirləri haqqında ən son məlumatların AvtoRadio (107.7 fm) vasitəsi ilə də ictimaiyyətə yayılması təmin ediləcək.
Məlumatlandırma ilə yanaşı Bakı Nəqliyyat Agentliyi IV İslam Həmrəyliyi Oyunları zamanı prioritet hesab etdiyi missiyasına uyğun olaraq yol hərəkəti təhlükəsizliyi məsələləri barədə ictimai məlumatlılığı artırmaq, sürücüləri və piyadaları təhlükəsizlik qaydaları haqqında təlimatlandırmaq üçün maarifləndirmə kampaniyası da həyata keçirəcək.