BNA IV İslam Oyunlarının nəqliyyat tədbirlərini yüksək səviyyədə həyata keçirir

19.04.2017 00:00

Bakı Nəqliyyat Agentliyi paytaxtımızda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının miqyasını və xüsusi əhəmiyyətini nəzərə alaraq, Oyunlar ərəfəsində və Oyunlar zamanı göstəriləcək nəqliyyat xidmətlərinin təşkili ilə bağlı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Məqsəd, mötəbər idman tədbiri zamanı və hazırlıq mərhələsində Bakı Nəqliyyat Agentliyi tərəfindən görülməsi nəzərdə tutulan tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini təmin etməkdir. Bununla əlaqədar hazırlanan xüsusi Tədbirlər Planına əsasən, ilkin mərhələdə Oyunlarda iştirak edəcək atletlərin nəqliyyat tələbatının təmin edilməsi sahəsində çalışacaq sürücülərin siyahısı hazırlanaraq Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinə təqdim edilib. Müvafiq yoxlamadan keçmiş sürücülər Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində xüsusi təlimlərə cəlb edilib.
Bununla yanaşı, atletlər üçün nəqliyyat mərkəzinin yaradılması ilə əlaqədar Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi müvəqqəti olaraq Milli Gimnastika Arenası ilə üzbəüz əraziyə köçürülüb. Burada sərnişinlərin rahatlığı və təhlükəsizliyinin artırılması məqsədi ilə müvafiq işlər görülüb. Belə ki, ərazidə avtobusların sürətinin azaldılması tədbirləri yerinə yetirilib, əlavə işıqlandırma projektorları quraşdırılıb, istiqamətləndirici və məlumatlandırma lövhələri yerləşdirilib.
Açılış və Bağlanış mərasimlərinə biletli tamaşaçıların ödənişsiz daşınması üçün Bakı Olimpiya Stadionu və 3 istiqamət üzrə (“20 Yanvar”, “Gənclik” və Qara Qarayev” metro stansiyaları) ekspress xətt təşkil edilib. Express xətlər üzrə tamaşaçıların rahat, eyni zamanda təhlükəsiz daşınması üçün Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən, müvafiq avtobus daşıyıcıları tərəfindən müəyyən edilmiş 200-dən çox avtobus cəlb ediləcək. Bu avtobusların müəyyən edilmiş qrafik üzrə fasiləsiz hərəkəti 35 nəfərlik dispetçer qrupu tərəfindən təmin ediləcək.
01-30 may 2017-ci il tarixlərində Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş şəxslərin (könüllülər, işçi qüvvəsi, media nümayəndələri və s.) müntəzəm avtobus marşrutlarından ödənişsiz istifadəsi də Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil ediləcək. Artıq bununla bağlı paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcılara məktub göndərilib.
Tədbirlər planına uyğun olaraq, Oyunlar zamanı bütün idman arenalarının ictimai nəqliyyat ilə təmin edilməsi, o cümlədən mövcud müntəzəm marşrut xətlərinə dəyişikliklərin edilməsi, zəruri hallarda qrafiklərin dəyişdirilməsi, avtobusların sayının artırılması və digər aidiyyəti işlərin aparılması da Bakı Nəqliyyat Agentliyi tərəfindən təmin ediləcək. Bu və Oyunların nəqliyyat tədbiri ilə bağlı bütün digər zəruri məlumatlar Bakı Nəqliyyat Agentliyinin www.bna.az rəsmi internet səhifəsi, BNA-nın facebook səhifəsi və AvtoRadio (107.7 fm) vasitəsi ilə ictimaiyyətə çatdırılacaq.