İstehsalat bazalarında sürücülərlə görüşlərə başlanılıb

24.06.2017

Bakı Nəqliyyat Agentliyi müntəzəm marşrut avtobuslarından istifadə edən əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması, sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi istiqamətində kompleks tədbirlərini davam etdirir. Bu çərçivədə istehsalat bazalarında sürücülərlə görüşlərə başlanılıb. İlk belə görüş “Monella” MMC və “Xaliq Faiqoğlu” MMC-nin istehsalat bazalarında keçirilib.

Məqsəd, həyata keçirilən kompleks tədbirlər çərçivəsində ictimai nəqliyyatda çalışan sürücülər üçün müəyyən edilən tələblərin yerinə yetirilməsinə nəzarət etmək və onların  maarifləndirilməsidir. Görüşdə ictimai nəqliyyatda mövcud nöqsanlar və həll yolları, sərnişindaşımada xidmətin keyfiyyətinin artırılması məsələləri müzakirə olunub.

Bakı Nəqliyyat Agentliyinin Baş direktorunun müşaviri Mübariz Abbasov yay mövsümünün gəlişi ilə əlaqədar bəzi sürücülərin avtobusları qapısı açıq şəkildə idarə etdiklərini və bu cür halların qarşısını almaq məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində monitorinq işlərinin aparıldığını qeyd edib. Bildirilib ki, bu cür hallara yol verən sürücülərə qarşı ciddi inzibati tədbirlər görülməklə yanaşı, onlar sərnişin daşımalarından da kənarlaşdırılacaq. Həmçinin, vurğulanıb ki, sürücülər avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalı, reysqabağı tibbi müayinədən keçməli, idarə edəcəyi nəqliyyat vasitəsinin reysqabağı texniki yoxlamadan keçdiyinə əmin olmalı və zəruri sənədləri əldə etdikdən sonra reysə çıxmalıdır.  Sürücülər avtobusu marşrut sxemi üzrə bütün dayanacaq məntəqələrində saxlamalıdır. Sürücülərə sərnişinlərlə nəzakətli rəftar etmək, sərnişinlərin təhlükəsizliyini təmin etməklə yaranmış problemi aradan qaldırmaq üçün mümkün tədbirləri görmələri də tapşırılıb.

Görüşdə sürücülərin şikayət və təklifləri də dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.