22 iyul Milli Mətbuat günü münasibəti ilə KİV nümayəndələri ilə görüş keçirilib

21.07.2017

22 iyul Milli Mətbuat günü münasibəti ilə KİV nümayəndələri ilə görüş keçirilib. Diqqətə çatdırılıb ki, BNA-nın sərnişindaşıma, marşrut şəbəkəsinin optimallaşdırılması, yol hərəkətinin təşkili istiqamətində həyata keçirdiyi tədbirlərin cəmiyyətə çatdırılmasında KİV-in rolu əvvəzsizdir. Media qurumları da öz növbəsində BNA-nın fəaliyyətinin obyektiv işıqlandırılmasında xüsusi fəallıq göstəriblər.

 

Görüş çərçivəsində Bakı Nəqliyyat Agentliyinin Yusif Səfərov küçəsi ilə bağlı hazırladığı yeni layihə də ictimaiyyətə təqdim edilib. Bildirilib ki, Heydər Əliyev prospekti ilə mərkəzi ərazini birləşdirən ən əhəmiyyətli yol-Yusif Səfərov küçəsində aparılan təmir və yenidənqurma işlərinə baxmayaraq, hələ də bu yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. "Yollarının Optimallaşdırılması Layihəsi" çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəsissləri Yusif Səfərov küçəsi ilə bağlı geniş təhlillər aparıb, yolda nəqliyyatın maneəsiz hərəkətinə səbəb olan problemlər müəyyən edilərək optimal həll yolları təklif edilib. Təklif edilən həll yollarının əsas özəlliyi onların minimum xərclər hesabına başa gəlməsidir. Təkliflər hazırlanarkən diqqətda saxlanılan digər vacib məqam isə Yusif Səfərov küçəsinə yaxın ərazilərin gələcək inkişaf planlarının nəzərə alınmasıdır. Məhz bu həll variantının reallaşdırılması sayəsində biz Yusif Səfərov küçəsindən keçməklə şəhərə giriş-çıxışa imkan verən alternativ yollara malik səmərəli yol şəbəkəsinin qurulmasına nail olacağıq.