Binəqədi şosesində sərnişindaşıma keyfiyyətinin və yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədi ilə nəzərdə tutulan tədbirlər yekunlaşdırılıb

21.12.2017 00:00

Bakı Nəqliyyat Agentliyi Binəqədi şosesində aparılan yenidənqurma işləri ilə əlaqədar sərnişindaşıma keyfiyyətinin və yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədi ilə nəzərdə tutulan tədbirlərini yekunlaşdırıb. İlkin mərhələdə yolla bağlı bir sıra təhlillər aparılıb, sərnişin tələbatı öyrənilib. Əldə edilən nəticəyə uyğun olaraq 13 avtobus dayanacaq məntəqəsi təşkil edilib ki, onlardan da 10-da yeni pavilyon quraşdırılıb. Pavilyonlara Yol Hərəkəti Təhlükəsizliyi ilə bağlı maarifləndirici lövhələr vurulub.

Avtobusların digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmadan dayanacaq məntəqələrinə rahat giriş-çıxışını təmin etmək məqsədi ilə yol boyu 9 yerdə cib təşkil edilib. Bütün məntəqələrdəki dayanacaq məntəqələrinin ünvanı, oradan keçən marşrut xətləri ilə bağlı məlumat qeyd edilib. Ümumilikdə yolda 21 ədəd eynisəviyyəli piyada keçidi təşkil edilib.

Qeyd edək ki, görülən işlər "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi ilə birgə həyata keçirilib.