BNA metronun “Koroğlu” stansiyasının çıxışının (piramida formalı) qarşısında nəqliyyatın xaotik hərəkətinin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı təkliflər hazırlayıb

27.12.2017

Bakı Nəqliyyat Agentliyi metronun “Koroğlu” stansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında nəqliyyatın xaotik hərəkətinin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı təkliflər hazırlayıb.

Hər gün axşam saatlarında ərazidə müşahidə edilən vəziyyət həmin yoldan istifadə edən bütün hərəkət iştirakçılarının ciddi narazılığına səbəb olur. Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə və facebook sosial şəbəkəsindəki rəsmi səhifəsinə şəhər sakinləri tərəfindən çoxsaylı müraciətlər edilir. Əhalinin haqlı narazılığına səbəb olan bu hal Bakı Nəqliyyat Agentliyini də narahat edən əsas məsələlərdəndir.

Şəhərin küçə və prospektlərində nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri ərazidə təhlillər aparıb. Müəyyən edilib ki, “Koroğlu” metrostansiyası (piramida formalı çıxışı) yaxınlığında avtobus dayanacaq məntəqəsinin mövcudluğu, orada şəxsi və taksi minik avtomobillərinin dayanaraq sərnişin mindirib-düşürməsi Heydər Əliyev prospektində, Mikayıl Əliyev küçəsində və Ziya Bünyadov prospektində nəqliyyatın hərəkətində sıxlıq yaranmasına səbəb olur.

Həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması üçün mövcud avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi və yol kənarına məhəccərlərin çəkilməsi məqsədəmüvafiq hesab edilir. Belə ki, qeyd edilən təklif reallaşacağı təqdirdə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələrə hərkət edən avtobuslar metronun pramida formalı çıxışının qarşısında dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər “Koroğlu” NMM-də öz marşutlarının xidmətlərindən yararlana bilərlər.

Mütəxəssislərimizin hazırladığı təklif təsdiq edilməsi üçün Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim edilib.

Məlumat üçün onu da qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə “Atletlər kəndi” yaxınlığında yaradılan Nəqliyyat Mübadilə Mərkəzi “Koroğlu” metrostansiyasının həmin hissədəki çıxışının qarşısında səhər saatlarında müşahidə edilən tıxacın, xaotik hərəkətin aradan qalxmasına səbəb olub.