175 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda baş verən qəza ilə bağlı BNA-dan rəsmi açıqlama

06.01.2018 00:00

06.01.2018 tarixində saat 17:00 radələrində Zığ şosesində 175 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XM 581 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yoldan kənara çıxaraq dərəyə aşıb. Hazırda hüquq mühafizə orqanları yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparır. İlkin ehtimallara görə isə hadisə sürücü ehtiyatsızlığı səbəbindən baş verib.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən sürücülərin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirildiyindən Bakı Nəqliyyat Agentliyi prosesə müdaxilə etmir. Bu isə sərnişin avtobuslarının qeyri-peşəkar sürücülər tərəfindən idarəedilməsinə şərait yaradır.

Bir daha bildiririk ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir. Sərnişinlərin təhlükəsizliyi ilə bağlı qoyulan tələblərə əməl etməyən bu işdə səhlənkarlığa yol verən şəxslər marşrut şəbəkəsindən kənarlaşdırılacaq.