Bakı Nəqliyyat Agentliyi yol infrastrukturunu əlilliyi olan şəxslərin rahat hərəkəti üçün əlverişli etmək məqsədilə geniş maarifləndirmə işlərinə start verib

12.02.2018 00:00

Bakı Nəqliyyat Agentliyi (BNA) yol infrastrukturunu əlilliyi olan şəxslərin rahat hərəkəti üçün əlverişli etmək məqsədilə başladığı layihə çərçivəsində geniş maarifləndirmə işlərinə start verib. Məqsəd, hərəkət iştirakçılarına mühüm sosial əhəmiyyət kəsb edən layihə barədə ətraflı məlumat vermək, eyni zamanda, panduslardan düzgün istifadə edilməsi ilə bağlı maarifləndirmə işini təşkil etməkdir. Beynəlxalq təcrübəyə əsasən piyada keçidləri panduslarla təchiz edilməlidir. BNA tərəfindən yol kəsişmələrində və səkilərdə pandusların tikinti-quraşdırma işlərinə 2017-ci il dekabrın 9-da başlanılıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli 2947 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında əlilliyi olan şəxslərin yol infrastrukturundan rahat istifadəsini nəzərdə tutan maddələr mövcuddur. Bu maddələrə piyada infrastrukturunun müvafiq normalar çərçivəsində yaradılması, saxlanılması və inkişaf etdirilməsi (xüsusilə, əlilliyi olan insanların bu infrastrukturdan rahat istifadə etmələrinə diqqət yetirməklə) ilə bağlı məsuliyyətin artırılması, ictimai nəqliyyatda (xüsusilə şəhərdaxili avtobus xidmətlərində) xidmət keyfiyyəti standartlarının tətbiqi və bu standartlara riayət olunmamasına görə məsuliyyətin müəyyən edilməsi daxildir.

Məlumat üçün bildirək ki, panduslarda xəbərdaredici səthlər iki cür olur. Biri hərəkət etməni, digəri isə dayanmanı (üzərində xırda və qabarıq dairələr olan) göstərir. Pandusların mailliyi səkilərə uyğun olaraq 8-10 faiz arasında dəyişməli və sürüşməyə davamlı səthdən ibarət olmalıdır. İnsanların bu istiqamətdə maarifləndirilməsi məqsədilə sosial aksiyaların davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub.