Nəqliyyatın İntellektual İdarəetmə Sistemi təkmilləşdirilir

18.05.2018

Müasir meqapolisə çevrilən Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin daha mütərəqqi və davamlı texnologiyalara əsaslanaraq inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd, bu sahədə göstərilən xidmətin keyfiyyətini artırmaqdır. Görülən işlərin səmərəli olması üçün inkişaf etmiş şəhərlərin təcrübəsi də öyrənilir. Bu məqsədlə, Türkiyənin İstanbul şəhərinin İSBAK (İstanbul İnformasiya və Ağıllı şəhər Texnologiyaları) şirkətinin nümayəndələri Bakıda səfərdə olub. Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə baş tutan səfər çərçivəsində İSBAK şirkətinin mütəxəssisləri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə tanış olub. Nəqliyyatın idarə edilməsi sahəsində mövcud vəziyyət, çatışmazlıqlar və onların həlli yolları ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Keçirilən görüşlər zamanı tətbiq edilən texnologiyalar və gələcək planlar, şəhərin nəqliyyat planlaşdırılmasında nəzərə alınması vacib olan məqamlar da müzakirə edilib. İSBAK mütəxəsissləri Bakı Nəqliyyat Agentliyinin həyata keçirəcəyi layihələrin uğurla reallaşmasına hərtərəfli dəstək verməyə hazır olduqlarını bildiriblər.