Bakı Nəqliyyat Agentliyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib

23.05.2018 00:00

Bakı Nəqliyyat Agentliyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli, millət vəkilləri Aydın Mirzəzadə və Əflatun Amaşov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı iştirak edib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin direktoru Nəcəf Quliyev bildirib ki, yaranmasının 100-cü ilini böyük sevinc və qürur hissi ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi hər zaman xalqımız tərəfindən böyük ehtiramla yad edilir. Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası möhkəm və sarsılmaz təməl üzərində hərtərəfli inkişaf dövrünü yaşayır. 20-ci əsrin sonlarında təkrar müstəqilliyini əldə edən Azərbaycan dövləti böyük uğurlara imza ataraq, dünya birliyində mühüm yer tutaraq etibarlı tərəfdaşa çevrilib və bir çox ölkələr üçün nümunədir.

Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixinin çox şərəfli səhifələrindən biri olmasını xatırladan Milli Məclisin üzvü Aydın Mirzəzadə isə dedi ki, cəmi 23 ay yaşasa da, bu müddət ərzində AXC çox böyük işlər görə bildi - regionda inkişaf edən bir dövlət modeli ortaya qoydu, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi üçün bir çox işlər gördü. Onun sözlərinə görə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın inkişaf modeli 23 ay yaşamış Xalq Cümhuriyyətinin ali arzularının həyata keçirilməsinə gözəl nümunədir. O dövrdə başlanılan, amma başa çatdırılmayan böyük işləri isə Azərbaycan 2-ci dəfə müstəqilliyini əldə etdikdən sonra həyata keçirmək mümkün oldu. İndi Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Regionda istənilən məsələ ilə bağlı Azərbaycanın mövqeyi nəzərə alınır. Ötən əsrdə əsası qoyulan dövlətçilik ənənələrinə sadiq çıxan müasir Azərbaycan dövləti bu il ərzində bir daha bu şərəfli yolun yolçusu olduğunu dünyaya nümayiş etdirəcək.

Milli məclisin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov da vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyəti bizim fəxr mənbəyimizdir. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini yüksək qiymətləndirən millət vəkili qeyd etdi ki, bu dövlətimizin tariximizə olan böyük diqqəti və qayğısıdır.

Səslənən fikirləri bölüşdüyünü qeyd edən “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı diqqəti Cümhuriyyət dövründə mətbuatda azadlıq ideyalarının formalaşmasına yönəltdi. Bildirildi ki, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin böyük əksəriyyəti jurnalist olub. Demokratik yönümlü mətbuat orqanları xalqı narahat edən problemlərə həssas yanaşır, həllini gözləyən məsələlərə toxunur, azadlıq, istiqlalçılıq, türkçülük ideyalarını təbliğ edir və bir növ siyasi maariflənmə işi aparırdı.