Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən tədbirdən sonra tamaşaçıların daşınması BNA tərəfindən həyata keçirilib

29.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Bakı Kristal Zalında keçirilən tədbirdən çıxan tamaşaçıların daşınması Bakı Nəqliyyat Agentliyinin təşkil etdiyi ekspres xətt avtobusları ilə həyata keçirilib. Prosesə 55 avtobus cəlb edilib. Ekspres xətt üzrə avtobuslar 3 dəqiqəlik intervalla Dövlət Bayrağı Meydanının qarşısındakı dayanacaqdan sərnişinləri ödənişsiz birbaşa Səməd Vurğun bağındakı dayanacağa daşıyıb. Ümumilikdə 2430 sərnişinin rahat şəkildə daşınması təmin edilib.

Sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə ekspres xətt avtobusları ilə yanaşı Dövlət Bayrağı Meydanının qarşısından keçən müntəzəm marşrut xətləri (5 nömrəli marşrut xətti üzrə-26 avtobus, 6 nömrəli marşrut xətti üzrə-24 avtobus, 88 nömrəli marşrut xətti üzrə-24 avtobus və 125 nömrəli marşrut xətti üzrə-16 avtobus) üzrə avtobusların sayı da artırılıb.

Qeyd edilən nəqliyyat tədbirlərinin həyata keçirilməsinə dəstək olan daşıyıcılara təşəkkür edir və bir daha Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə bütün xalqımızı təbrik edir, ölkəmizə sülh və əmin-amanlıq arzu edirik.