BNA 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə məktəblilər üçün hazırladığı layihəni təqdim edir

01.06.2018 00:00

Piyadaların, xüsusən də uşaqların və məktəblilərin təhlükəsiz, eləcə də rahat hərəkətinin təmin edilməsi, paytaxt yollarında bunun üçün əlverişli mühitin yaradılması Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir. Bu çərçivədə müxtəlif layihələr işlənib hazırlanaraq icra edilir. Şəhərimiz üçün yenilik olan və mühüm sosial əhəmiyyətə malik pandusların quraşdırılması layihəsinin də bir hədəfi məhz uşaq arabası ilə olan şəxslərin rahat hərəkəti üçün əlverişli infrastrukturun yaradılmasıdır.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə bu məqsədlə başladığımız daha bir layihəmizin uğurla yekunlaşdığını bildiririk. Bakı Nəqliyyat Agentliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə 189 və 190 nömrəli orta məktəblərin ətrafında başladığı pilot layihənin icrası başa çatdırılıb. Ərazidə yol hərəkəti şəraiti yaxşılaşdırılıb, piyadaların, xüsusilə də uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri infrastruktur təşkil edilib. Layihə çərçivəsində məktəb binasının ətrafında sürət həddi 30 km/saata endirilib, bəzi küçələrdə parklanma yerləri ləğv edilib, piyadaların, xüsusən də şagirdlərin təhlükəsizliyi üçün səkilərdə məhəccərlər quraşdırılıb. Yeni piyada keçidləri təşkil edilərək panduslar inşa edilib. İlk dəfə olaraq hərəkətin təhlükəsizliyinin artırılması nəzərə alınaraq yolda xüsusi nişanlanma işləri (YAVAŞ, MƏKTƏB) də görülüb.

Qeyd edək ki, analoji şəraitin paytaxtın ərazisindəki digər təhsil müəssisələrinin ətrafında da yaradılması nəzərdə tutulub. Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri müvafiq təhlillər aparır.