“BakuBus” MMC-nin istehsalat bazasına və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə media-tur təşkil edilib

04.12.2018 17:34

01.12.2018 tarixində “BakuBus” MMC-nin istehsalat bazasına və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə media-tur təşkil edilib. Parlament Jurnalistləri Birliyinin təşəbbüsü və Bakı Nəqliyyat Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin üzvləri Hadı Rəcəbli, Aydın Hüseynov, Tahir Mirkişili, Naqif Həmzəyev də iştirak edib. Qonaqlar Sürücü Təlim Mərkəzinin ərazisini gəzib, burada yaradılan şəraitlə tanış olub. Həmçinin, Sürücü Təlim Mərkəzi və avtobus sürücüləri üçün təşkil edilən təlimlər barədə ətraflı məlumatlandırılıb. Daha sonra tədbir iştirakçıları “BakuBus” MMC-nin Təmir Mərkəzinə gəliblər. Avtobusların təmiri prosesi ilə tanış olublar.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Millət vəkilləri, media təmsilçilərinə paytaxtın nəqliyyat sisteminin və infrastrukturunun inkişafı, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkili istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, son illər əhaliyə həm keyfiyyət, həm də təhlükəsizlik nöqteyi-nəzərindən beynəlxalq standartlarına uyğun avtobus nəqliyyatı ilə sərnişindaşıma xidmətinin göstərilməsi ilə bağlı mühüm işlər görülüb. Cənab Prezidentin birbaşa diqqət və qayğısı sayəsində müasir və komfortlu avtobuslar alınaraq sərnişinlərin istifadəsinə verilib. Dövlət başçısının göstərişinə əsasən avtobus parkının yenilənməsi işləri çərçivəsində qarşıdakı aylarda daha 300 ədəd avtobusun mərhələli qaydada alınaraq Bakı şəhərinə gətirilməsi təmin ediləcək. Sərnişindaşıma sahəsində mövcud çatışmazlıqlara da toxunan İdarə Heyətinin sədri onların aradan qaldırılması üçün kompleks tədbirlərin görüldüyünü vurğulayıb.

Daha sonra Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə gələn media-tur iştirakçıları monitor zalına baxıblar. Media-tur iştirakçılarına Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı görülən işlər haqqında məlumat verilib. Bildirilib ki, Mərkəzdə paytaxt yollarındakı nəqliyyat axınının öyrənilməsi və əldə edilən informasiyalar təhlil edilir. Bakı şəhərində svetoforların vahid mərkəzdən idarə olunması üçün isə zəruri tədbirlər görülür. Növbəti ildən Mərkəzin imkanlarından istifadə etməklə, dayanma və durma qaydalarına əməl etməyən sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin görülməsi işlərinə də başlanılacaq. Vurğulanıb ki, səffalığın təmin edilməsi məqsədi ilə inzibati tənbeh tədbirlərinin icrasında insan faktoru əhəmiyyətli dərəcədə azaldılacaq. Qanunvericilikdə müvafiq dəyişiklikdən sonra proses daha çox texniki avadanlıqlar vasitəsi ilə həyata keçiriləcək.

BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli Millət vəkillərini maraqlandıran məsələlərə aydınlıq gətirib, jurnalistlərin suallarını cavablandırıb.