Parklamaya nəzarət kameraları bərpa edilib

08.09.2016 00:00

Bakı şəhərində nəqliyyat axınında sıxlığın yaranmasına səbəb olan ən başlıca amillərdən biri avtomobillərin düzgün park edilməməsidir. Qanunsuz parklama hallarının paytaxt yollarında tıxaclara səbəb olduğu hamıya məlumdur. Bir müddət əvvəl paytaxt küçələrində qanunsuz parklamanın qarşısını almaq üçün parkomat sisteminin tətbiqinə başlanıldı. Müəyyən olunmuş ərazilərdə sürücülər üçün avtomobillərini yalnız bu ərazilərdə park etmələri məqsədilə xüsusi parkomatlar quraşdırılmasına baxmayaraq hələ də qeyri-qanuni yerlərdə parklamalar müşahidə edilir. Bundan əlavə, məlumat üçün bildiririk ki, paytaxtda parkomatlar quraşdırılan və eyni zamanda, avtomobilin saxlanmasını qadağan edən yol işarələri qoyulmuş ərazilər də mövcuddur. Bununla bağlı olaraq, Bakı Nəqliyyat Agenliyi tərəfindən monitorinqlərə başlanılıb. Bütün bu proseslərə nəzarət etmək məqsədilə, İNS (İntellektual Nəqliyyat Sistemi) layihəsi çərçivəsində Bakı şəhəri üzrə quraşdırılmış 44 parklamaya nəzarət kameraları bərpa edilib. Bu nəzarət kameraları növbəli iş rejimində olmaqla Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində 12 nəfərlik işçi heyət tərəfindən müşahidə edilir. Gün ərzində işçi qrup tərəfindən aşkarlanan qayda pozuntuları müvafiq cərimə tədbirlərinin görülməsi üçün aidiyyəti qurumlara təqdim edilir. Bununla əlaqədar olaraq, bir daha sürücülərə parklama zamanı daha diqqətli olmaları, avtomobillərini qeyri-qanuni yerlərdə park etməmələri tövsiyə edilir.