BNA-nın kollektivi “Şəhadət” sənədli filminin nümayişində iştirak edib

21.12.2018 17:30

Dekabrın 21-də Bakı Nəqliyyat Agentliyinin kollektivinin iştirakı ilə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən “Şəhadət” sənədli filminin nümayişi olub.

Bununla əlaqədar keçirilən tədbirdə Bakı Nəqliyyat Agentliyinin aparat rəhbəri Gülşən Rzayeva, DQİDK-nın sədr müavini Səyavuş Heydərov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva ölkəmizdə ictimai-siyasi sabitliyin və dünyaya örnək ola biləcək tolerantlıq mühitinin olduğunu vurğulayıb, tolerantlığın milli mənsubiyyətindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlının həyat tərzinə çevrildiyini qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov isə “Şəhadət” filmi barədə tədbir iştirakçılarına məlumat verib. Filmin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə böyük töhfə verdiyini diqqətə çatdırıb. Səyavuş Heydərov, eyni zamanda, xalqımızın əsrlər boyu sahib olduğu milli-mənəvi dəyərlərinin qorunub saxlanılması, vicdan azadlığının təmin olunması, ölkədə dövlət-din münasibətlərinin demokratik əsaslar, ümumbəşəri dəyərlər və dünyəvilik zəminində formalaşdırılması istiqamətində görülən tədbirlər barədə danışıb. Radikalizmin formalaşması, yayılması metodları, əhatə dairəsi barədə məlumat verən Komitə sədrinin müavini, dini radikalizmə qarşı mübarizə çərçivəsində tolerant, multikultural və həmrəylik dəyərlərinin təbliğatının genişləndirilməsi istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinin ən effektiv vasitə olduğunu vurğulayıb.

Səyavuş Heydərov xüsusilə gənclərin dini məlumat əldə etmək üçün istifadə etdikləri informasiya mənbələrini seçən zaman diqqətli olmalarını tövsiyə edib.

Sədr müavini hər bir Azərbaycan vətəndaşının milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində fəal olmasının, dini radikal qruplara qarşı aparılan ideoloji mübarizəyə həssaslıqla yanaşmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.