Bu gündən "Avto FM"-in yayım hüququ Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən həyata keçirilir

01.09.2016 00:00

"Avto FM"-in yayım hüququ bütövlüklə Bakı Nəqliyyat Agentliyinin (BNA) tərkibində fəaliyyət göstərən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) məxsusdur. "Avto FM" MMC ilə NİİM arasındakı müqaviləyə əsasən yayıma adıçəkilən şirkət çıxırdı. 16 mart 2016-cı il tarixli Lisenziyalar və İcazələr Haqqında Qanuna Əlavələr Haqqında prezident Ilham Əliyevin imzaladiğı sərəncama uyğun olaraq lisenziyanın sahibi lisenziyadan yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Bunu əsas tutaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və “Avto FM” MMC arasında olan yayım müqaviləsinə bir ay əvvəl xəbərdarlıq edilməklə 1 sentyabr 2016-cı il tarixindən xitam verilmişdir. Bu gündən yayım Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən həyata keçirilir. "Avto Radio"-nun əsas məqsədi Bakı şəhərində nəqliyyatın vəziyyəti haqqında yol hərəkəti iştirakçılarını operativ olaraq məlumatlandırmaq, sürücülərin hüquqi maarifənməsi üçün nəzərdə tutulan media məhsullar istehsal etməkdir.