Nobel prospektində tıxac və sıxlıq halları aradan qaldırılacaq

07.02.2019 14:40

Nobel prospekti “Nargilə dairəsi” adlanan ərazidə nəqliyyat yükünün azaldılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə hazırlanan layihənin icrasına başlanılıb. Hal-hazırda qeyd edilən ərazidə alternativlərin və əlaqələndirmə imkanlarının az olması “Nargilə dairəsi” adlanan ərazinin, o cümlədən, Ramiz Quliyev küçəsinin yüklənməsinə səbəb olur. Layihə çərçivəsində ilkin mərhələdə şəhər mərkəzindən Zığ şosesi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin "Nargilə dairəsi"nə daxil olmadan birbaşa Həzi Aslanov qəsəbəsinə və Ramiz Quliyev küçəsinə daxil olmadan Sadıqcan küçəsi vasitəsilə Məhəmməd Hadi küçəsinə və bu ərazidə yerləşən yaşayış massivlərinə çıxışı təmin ediləcək.

Nəqliyyat yükünün paylanması, sürücülərə daha çox alternativ yolların təklif edilməsi məqsədilə Agentlik tərəfindən Zığ şosesinin Qədir Məmmədov və 823-cü keçid küçələri ilə kəsişdiyi hissələrdə də sola və ya geriyə dönmə yerlərinin təşkili və Ramiz Quliyev küçəsində alternativ yeni yolun salınması da nəzərdə tutulub. Nəqliyyat vasitələrinin təhlükəsiz şəkildə hərəkət edə bilməsi üçün sola və ya geriyə dönmə yerləri svetoforlar vasitəsilə nizamlanacaq.

Layihənin icrası “Nargilə dairəsi" adlanan ərazidən keçən 6 müntəzəm marşrut xətti üzrə hərəkət edən 100-dən artıq avtobusun hərəkət intervalındakı gecikmələrin də nisbətən azalmasına səbəb olacaq. Bundan əlavə, kəsişmələrin svetoforla nizamlanması piyada keçidlərinin təşkilinə də şərait yaradacaq.