Paytaxtın daha bir kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil edilib

10.04.2019 09:32

Paytaxtın əsasən mərkəzi hissəsini əhatə edən 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan pilot layihənin icrasına başlanılıb. Layihənin birinci mərhələsində işlər M.Füzuli, Ş.Bədəlbəyli, M.Əliyev, R.Behbudov, S.Vurğun, D.Əliyeva, S.Rəhimov küçələri və Bülbül prospektinə aid 20 kəsişmədə həyata keçiriləcək. Layihə çərçivəsində müəyyən edilən yerlərdə yeni yol nişanları qoyulacaq, mövcud olan çatışmazlıqlar aradan qaldırılacaq. Həmçinin, yol nişanları yenilənəcək, parklanma yerləri nəzərdən keçiriləcək və hərəkət istiqamətləri təkmilləşdiriləcək. Zəruri yerlərdə isə sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.

Layihəyə uyğun olaraq, M.Füzuli və S.Vurğun küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil edilib. Davamlı olaraq, nəzərdə tutulan digər kəsişmələrdə də analoji nişanlanma işləri aparılır.

İlkin hesablamalara əsasən, 74 yol kəsişməsi layihəsinin icrası ilə şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Yolların nəqliyyatı buraxma qabiliyyəti artacaq, hərəkətin intensivliyi təmin ediləcək. Bu, öz növbəsində, hərəkət iştirakçılarının, xüsusən də ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin tıxacda qalaraq lüzumsuz vaxt itirməsinin qarşısının alınması baxımından əhəmiyyətlidir.