“Nəqliyyat Agentləri” könüllülük proqramına qəbul üzrə müsahibə mərhələsi keçirilib

24.05.2019 18:17

Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat Agentləri” könüllülük proqramına qəbul üzrə müsahibə mərhələsi keçirilib. 3 gün davam edən müsahibə mərhələsində namizədlərin şəxsi keyfiyyətləri, müxtəlif sahələr üzrə bilik və bacarıqları qiymətləndirilib. Müsahibədə əsasən könüllü olmaq istəyən şəxslərin motivasiyasına, bilik və bacarığına xüsusi diqqət yetirilib, eləcə də dil bilikləri yoxlanılıb.

Müsahibə mərhələsinin nəticələri yaxın günlərdə elan ediləcək. Bu mərhələdən uğurla keçən namizədlər Bakı Nəqliyyat Agentliyinin aparatında və müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı əldə etməklə yanaşı müxtəlif maarifləndirici layihələrdə iştirak edəcəklər. Könüllülərin gələcək peşəkar inkişafı məqsədilə zəruri olan mövzularda müxtəlif təlim və seminarlar təşkil ediləcək.

Xatırladaq ki, könüllülük fəaliyyətinin müddəti 2 aydır. Proqramın sonunda könüllülərə sertifikatların təqdim edilməsi nəzərdə tutulur. Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi könüllülük proqramları davamlı olaraq keçiriləcək.