BNA şəhərimizdəki iri miqyaslı təmizlik aksiyasının tərəfdaşı oldu

09.06.2019 17:00

Bakı Nəqliyyat Agentliyi Sosial Məsuliyyət layihələri çərçivəsində ölkəmizdə keçirilən Beynəlxalq tədbirlərin daha rahat və təhlükəsiz təşkili, eyni zamanda, əhalinin, şəhərimizə gələn qonaqların tədbir keçiriləcəyi məkana gedərkən müxtəlif nəqliyyat vasitələrindən istifadə etməmələri üçün bir sıra tədbirlərə dəstəyini davam etdirir.

08.06.2019-cu il tarixində Ətraf Mühit Gününə həsr olunmuş sahilyanı təmizlik aksiyası üçün 1000 nəfər IDEA könüllüsünün Gənclik m/st-dan Novxanı çimərliyi ərazisinə 24 avtobusla daşınması təşkil edilib.

Həmçinin, eyni tarixdə Azərbaycan-Macarıstan oyununa gələn xarici azarkeşlərin stadiona daşınması və stadiondan yola salınması (İçəri şəhər-Bakcell Arena) Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil olunub.
Tədbir zamanı İçəri şəhərdən Stadiona (Qoşa Qala qapısı) 10 ədəd iritutumlu avtobus, Stadiondan isə iki istiqamətdə (Hava Limanı və İçəri şəhər) daşınmaya 22 avtobus cəlb edilib.

Göstərdiyimiz dəstəyin, sosial məsuliyyət olmaqla yanaşı, həm də şəhərimizin ətraf mühitinin qorunması baxımından da əhəmiyyətli olduğunu vurğulamaq istərdik. Bu cür kütləvi tədbirlərə şəxsi deyil, ictimai nəqliyyat vasitələrindən istifadə edərək getməklə, hər biriniz şəhərimizin ekoloji durumuna töhfə vermiş olursunuz. 70-80 nəfərin bir avtobusla daşınması, eyni zamanda, gedilən məkana vaxtında və rahat çatması deməkdir.