“Nəqliyyat Agentləri” könüllülərinin iştirakı ilə NİİM-ə təcrübə səfəri təşkil edilib

01.08.2019 18:20

Bakı Nəqliyyat Agentliyinin “Yol həyatdır” proqramı çərçivəsində həyata keçirilən “Nəqliyyat Agentləri” könüllülük proqramının könüllülərinin iştirakı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) təcrübə səfəri təşkil edilib.

Səfər çərçivəsində NİİM haqqında iştirakçılara maraqlı təqdimat edilib. Təqdimat müddətində əldə edilən bilikləri praktikada əyani şəkildə görmək üçün NİİM-in monitor zalına səfər edilib. Könüllülər burada şəhərin, xüsusilə də daha çox sıxlıq müşahidə olunan küçə və prospektlərin nəqliyyat axınını yaxından izləyiblər. Könüllülərə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində mövcud olan iş prosesi haqqında ətraflı məlumat verilib. Çay fasiləsi zamanı könüllülər bir-biriləri ilə yaxından tanış olublar. Sonda könüllülərlə xatirə fotoları çəkilib.  

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq və Azərbaycan Respublikası Prezidentinin könüllülərin dövlət təşkilatlarına cəlb olunması haqqında tövsiyəsinə əsaslanaraq, ASAN modeli təcrübəsinə uyğun könüllülük proqramı həyata keçirir. Könüllülük proqramının məqsədi, paytaxtın yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin təmin edilməsi istiqamətində həyata keçirdiyimiz fəaliyyətlərə könüllülər vasitəsilə dəstək olmaqdır. Agentlik tərəfindən hazırlanan maraqlı proqram çərçivəsində könüllülər müxtəlif təlimlər vasitəsilə bilik və bacarıqlarını artıracaq, aksiyalarda iştirak edəcəklər. 2 aylıq proqramı müvəffəqiyyətlə başa vuran könüllülər praktiki biliklərə yiyələnərək sonda sertifikatla təltif olunacaqlar.

Qeyd edək ki, könüllülərin müxtəlif maarifləndirmə fəaliyyətlərinə cəlb edilməsi davamlı olaraq həyata keçiriləcəkdir.