Optimallaşdırılma işləri çərçivəsində daha iki marşrut xətti birləşdirilib

10.09.2019 11:00

Optimallaşdırılma işləri çərçivəsində daha iki marşrut xətti birləşdirilib. Belə ki, 168 və 186 nömrəli müntəzəm marşrut xətləri birləşdirilərək bir nömrə (186 nömrə) altında təşkil edilməsinə qərar verilib. 11.09.2019 tarixindən xətt üzrə sərnişindaşıma fəaliyyəti əsaslı təmir olunan, nisbətən iritutumlu avtobuslarla həyata keçiriləcək.

Marşrut xətlərinin birləşdirilməsinin müsbət tərəfləri:

  • Albalılıq yaşayış massivinin sakinlərinin Bakıxanov qəsəbəsi, Neftçilər m/st. və 8-ci km bazarı istiqamətinə gediş - gəlişin rahatlaşması;
  • Marşrut sayının optimallaşdırılması ilə Zabrat yolu və digər ərazilərdə yaranan nəqliyyat sıxlığının azalması;
  • 168 və 186 nömrəli marşrutların bir-birini 24.5 km təkrarlamasının aradan qaldırılması;
  • Marşrutun fəaliyyətində idarə etmənin asanlaşması;
  • Kiçik tutumlu avtobusların nisbətən iri tutumlu avtobuslarla əvəz olunması.

Qeyd edək ki, 168 və 186 nömrəli müntəzəm marşrut xətləri üzrə hazırda istismarda olan avtobusların texniki vəziyyəti, kiçiktutumlu olması eləcə də, digər çatışmazlıqlar barədə vətəndaşlardan Alo141 Çağrı Mərkəzinə mütəmadi olaraq müraciətlər daxil olmaqdadır. Hər iki marşrut xətti üzrə hərəkət sxemlərinin üst-üstə düşməsi də öz növbəsində əlavə problemlərə səbəb olur.