NƏQLİYYAT MÜBADİLƏ MƏRKƏZLƏRİ

Paytaxtın ictimai nəqliyyat sistemində yenilik olan Nəqliyyat Mübadilə Mərkəzlərinin (NMM) yaradılması təşəbbüsü Bakı Nəqliyyat Agentliyinə məxsusdur. NMM-lərin yaradılması müasir meqapolisə çevrilən Bakının ictimai nəqliyyat şəbəkəsinin optimallaşdırılması işləri çərçivəsində həyata keçirilir. Əsasən, şəhər mərkəzinin giriş hissələrində yaradılan NMM-lərin funksiyası ətraf qəsəbələrdən mərkəz istiqamətində gələn avtobusları bir mərkəzdə cəmləşdirməkdir. Məhz NMM-lərin imkanlarından istifadə etməklə şəhərin mərkəzi hissəsində avtobusların xaotik hərəkətinin qarşını almağa nail olmaq mümkündür. Belə ki, ətraf kənd və qəsəbələrdən gələn avtobuslar NMM-ə daxil olur.

Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başladıqdan sonra nəqliyyat sahəsində həyata keçirilən ilk tədbirlərdən biri Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması olmuşdur. İlkin olaraq Koroğlu metrostansiyası yaxınlığında pilot layihənin hazırlanmasına başlanılmışdır. Nəqliyyat Mübadilə Mərkəzi (NMM) sərnişin və ya yüklərin, nəqliyyat vasitələri və ya digər nəqliyyat növləri (avtobus, metro, taksi və s.)  arasında mübadiləsi məntəqəsidir.

“Koroğlu” metro stansiyasının ətrafında NMM-in yaradılmasının əsas məqsədi və proqnoz edilən müsbət tərəfləri aşağıdakılardır:

1. Sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması;

2. Sərnişinlərin təhlükəsiz və rahat daşınmasının təmin edilməsi;

3. Ziya Bünyadov və Qara Qarayev prospektləri istiqamətində hərəkət edən avtobusların NMM-də əlaqələndirilməsi;

4. “Koroğlu” metro stansiyası ətrafında avtobusların, minik avtomobillərinin və taksilərin yaratdığı sıxlığın aradan qaldırılması;

5. Heydər Əliyev prospektində ümumi istifadədə olan nəqliyyat vasitələrinin yaratdığı maneələrin aradan qaldırılması ilə hərəkət intensivliyinin artırılması;

6. Avtobusların bir məntəqədən idarə edilməsi ilə qayda pozuntularının və qəzaların qarşısının alınması;

7. Heydər Əliyev prospektinin müasir görüntüsünün tamamlanması.

 

Nəqliyyat Mübadilə Mərkəzi “Koroğlu” metro stansiyasının yaxınlığında, Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsinin şimal-qərb hissəsində yerləşir. NMM-in ərazisi 4 hissədən ibarətdir:

1. Nəqliyyat Mübadilə Mərkəzinin avtobus dayanacaq məntəqəsi (23.700 m² );

2. Şəxsi minik avtomobillərin parklanma yeri (19.000 m² );

3. Ekspress avtobusların aralıq dayanacağı – “yalnız düşmə” ərazisi (2.800 m² );

4. Taksi duracağı (1.350 m² ).

Metronun Koroğlu stansiyası ətrafında 2016-cı ilin aprelində ilk Nəqliyat Mübadilə Mərkəzi istifadəyə verilməklə, gözlənilən nəticəni əldə etmək mümkün oldu. Artıq bu ərazidə əvvəllər olduğu kimi günün pik saatlarında istər piyadaların, istərsə də nəqliyyat vasitələrinin xaotik hərəkəti müşahidə edilmir. Mərkəzdə 15 dayanacaq pavilyonu quraşdırılaraq sərnişinlərin istifadəsinə verilib. Bakı Nəqliyyat Agentliyi tərəfindən qurşadırılan dayanacaqlar üzərinə ictimai nəqliyyatda davranış qaydalarına dair maarifləndirici məlumatlar vurulub. “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə şəhərətrafı qəsəbələrdən 29 marşrut xətti üzrə sərnişin avtobusları daxil olur.

Qarşıdakı aylarda “Lökbatan dairəsi”, “Avtovağzal”, “Dərnəgül” və “28 May” metrostansiyaları ətrafında da Nəqliyyat Mübadilə Mərkəzləri yaradılacaq. Artıq “Lökbatan” dairəsi ətrafındakı NMM-in yaradılması üçün ərazidə inşaat işləri yekunlaşmaqdadır.