"BİR YOLDAYIQ" sosial maarifləndirmə kampaniyası

18.05.2017 00:00

Gündəlik həyatımızda yol çox önəmli yerlərdən birini tutur. Hər birimiz bu və ya digər formada yol hərəkəti iştirakçısıyıq. İstər piyada, istər sürücü, istərsə də sərnişin olaraq eyni yolları paylaşırıq. Bu səbəbdən, yolda baş verən mənfi və ya müsbət hadisələr hamımızın həyatında mühüm rol oynayır və əhvalımıza birbaşa təsir edir. İctimai nəqliyyatda sürücülərin və ya sərnişinlərin etik davranış qaydalarına, piyadalar və ya sükan arxasında əyləşənlərin yol hərəkəti qaydalarına riayət etməməsi bir çox neqativ hallara səbəb olur. Sözügedən problemlərin həlli yalnız müxtəlif dövlət qurumlarının səmərəli fəaliyyətindən deyil, həm də cəmiyyətin birbaşa bu prosesdə iştirakından asılıdır.
Cəmiyyətin hər bir üzvü özünə və ətfafdakılara qarşı nə qədər məsuliyyətli və nəzakətli olarsa, hamımızın qarşısında duran ümumi məqsədə çatmaq bir o qədər asan olar.
"BİR YOLDAYIQ" kampaniyası çərçivəsində istifadə ediləcək maarifləndirici təbliğat vasitələri, ictimai nəqliyyatdan istifadə edən kütlənin fikirlərinin öyrənilməsi, müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq və s. sosial yönümlü aksiyalar qeyd etdiyimiz problemlərin həlli yollarını tapmaqda kömək olacaqdır.


Məqsədlərimiz:

* İctimai maarifləndirmə vasitələri ilə yalnız cəmiyyətin diqqətini cəlb etmək yox, həm də ictimaiyyəti nəqliyyat sahəsindəki çatışmazlıqlara qarşı bizimlə birgə mübarizə aparmağa təşviq etmək;

* Yol hərəkəti iştirakçılarını innovativ və dayanıqlı nəqliyyat xidmətləri ilə təmin etmək;

* Sürücü, sərnişin və piyadaların sosial məsuliyyətlərini dərk edərək bir-birinə, eləcə də digərlərinə nümunə olmalarına nail olmaq;

* Kampaniyanın sosial xarakter daşıdığını nəzərə alaraq, ictimaiyyətin
fikirlərini, təklif və şikayətləri öyrənmək və tətbiq etmək.

Layihə Bakı şəhərini əhatə edəcək və kampaniya çərçivəsində müxtəlif ali məktəblərin tələbələri, dövlət qurumları, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq ediləcək.