Dərnəgül
Bakı Nəqliyyat Agentliyinin yaranması ilə paytaxtımızın nəqliyyat sektorunda, xüsusilə də ictimai nəqliyyatda əhalinin rahatlığına yönəlik mühüm yeniliklərin reallaşdırılmasına başlanıldı. Nəqliyyat Mübadilə Mərkəzlərinin təşkili məhz belə yeniliklərdəndir. Bununla bağlı hazırlanan Konsepsiyaya uyğun olaraq, daha bir Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilib. Metronun "Dərnəgül” stansiyasının yaxınlığında isifadəyə verilən Mərkəzin fəaliyyətə başlaması ilə əsasən, ətraf kənd və qəsəbələrdən “Azadlıq prospekti” metrostansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni Mərkəzə köçürülüb. Məqsəd, günün pik saatlarında metronun “Azadlıq prospekti” stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısını almaq və sıxlığı aradan qaldırmaqdır. Metronun “Dərnəgül” stansiyasının ətrafında yaradılan Mübadilə Mərkəzinin ərazisində asfalt örtüyü və piyada səkiləri təmir olunub, yol nişanları və nişanlanması təşkil edilib, 5 ədəd yeni avtobus dayanacaq pavilyonu quraşdırılıb. Mərkəz istifadəyə verildikdən sonra burada gün ərzində 11 marşrut xətti üzrə 112 avtobusun sərnişinlərə xidmət göstərəcəyi planlaşdırılır. Ərazidə, eyni zamanda taksi minik avtomobilləri üçün də duracaqlar müəyyənləşdirilərək nişanlanıb.