217 nömrəli marşrut xətti (“Koroğlu” NMM– “Yanardağ” Məhəmmədi qəsəbəsi ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

07.07.2021 18:13

Bakı şəhərinin marşrut şəbəkəsində nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi prosesi davam etdirilir. Nağdsız ödəniş sisteminə keçidin, sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması baxımından əhəmiyyətini qeyd edərək bildiririk ki, “BakıKart”-a inteqrasiya qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və şəffaflığın artırılması baxımından da vacibdir. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir. 
08.07.2021-ci il tarixindən 217 nömrəli marşrut xətti (“Koroğlu” NMM– “Yanardağ” Məhəmmədi qəsəbəsi ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. 
Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu üzrə Babək küç.336, (Zabrat qəs.) Oktyabr küç.,(Zabrat qəs.) Sadiq Cəfərov küç., 26.(Zabrat qəs)  Sabunçu qəs.,(şəhər şosesi) Abşeron rayonu üzrə Çingiz Müstafayev küç.,13 (Məhəmmədi qəs.)  . Məmmədili qəs. ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.
Dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir. 
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.