Yeni 9 nömrəli şəhərdaxili müntəzəm marşrut təşkil edilib

25.04.2022 13:43

Dövlət başçısının vətəndaşlara müasir tələblər səviyyəsində keyfiyyətli və təhlükəsiz  sərnişindaşıma xidmətlərinin göstərilməsi ilə bağlı tapşırığına uyğun olaraq, tədbirlər davam etdirilir. Bu çərçivədə vətəndaşların ictimai nəqliyyata əlçatanlığının daha da artırılması məqsədilə yeni müntəzəm marşrut xətləri təşkil edilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi tərəfindən yeni 9 nömrəli şəhərdaxili müntəzəm marşrut təşkil edilib. 26.04.2022-ci il tarixindən fəaliyyətə başlayacaq 9 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Yasamal yaşayış kompleksi (MİDA) və “Kristal Abşeron” yaşayış kompleksi, “İnşaatçılar” və “20 Yanvar” metro stansiyaları, son dayanacaq məntəqəsi “Nəriman Nərimanov” metro stansiyası olmaqla, hərəkət edəcəklər. Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq təşkil edilən marşrut xətti üzrə sərnişindaşımalar “Faiqoğlu” MMC-nin müasir və komfortlu iritutumlu avtobusları ilə yerinə yetiriləcək. Marşrut xətti üzrə gediş haqqı 0.30 azn təşkil edir və ödəniş nağdsız formada - “BakıKart”la olacaq.
Yeni marşrut xəttinin təşkili sosial kompleksdə, eləcə də ətraf ərazilərdə yaşayan təxminən 10 min nəfərdən artıq sərnişinin ictimai nəqliyyata olan tələbatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.