"20 Yanvar - Qəhrəmanlıq Salnaməsi" adlı tədbir keçirildi

19.01.2017 00:00

Yanvarın 19-da Bakı Nəqliyyat Agentliyində 20 Yanvar hadisəsinin 27 illiyinə həsr edilmiş anım tədbiri keçirilib. Tədbir, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Daha sonra xalqımızın qəhrəmanlıq tarixində dərin iz buraxmış, ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş Şəhidlərmizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvar hadisələri barədə söhbət açılıb və 20 Yanvar hadisələrini əks etdirən film nümayiş olunub. 
Tədbirdə çıxış edən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin direktoru Nəcəf Quliyev 20 Yanvar hadisələri ilə bağlı məlumat verib, keçmiş Sovet İmperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində 137 nəfər qətlə yetirildiyi, 700 insan yaralandığı, 800 insan isə həbs edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Bu hadisə Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdiyini və sovet ittifaqına ciddi zərbə vurduğunu qeyd edən natiq, hadisələrə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymətin yalnız Ümumimilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra verildiyini vurğulayıb. Ulu öndər həyatını təhlükə qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi. Daha sonra Ümumimilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 yanvar faciəsinə ilk siyasi qiymət vermişdir. Faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığı, beynəlxalq səviyyədə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılıdığı, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyi qeyd edilib.
Tədbirdə, həmçinin, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin şöbə müdiri Saleh Bədəlov 20 Yanvar hadisəsi ilə bağlı öz xatirələrini bölüşüb.