Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası keçirilib

21.04.2017 00:00

Aprelin 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva iclasda çıxış etdi.

Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın

çıxışı

-Hörmətli tədbir iştirakçıları.

IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılışına bir aydan da az vaxt qalır və bu gün Təşkilat Komitəsinin yekun iclasını keçiririk. Biz gərək əmin olaq ki, paytaxtımız Oyunların açılışına və keçirilməsinə tam şəkildə hazırdır, bütün lazımi tədbirlər görülüb, addımlar atılıb, yarışların keçirilməsi ilə bağlı və bütün istiqamətləri əhatə edən tədbirlər planı cavabdeh strukturlar tərəfindən yerinə yetirilir.

Azərbaycanda çox vacib irimiqyaslı beynəlxalq tədbirlər keçirilir və hər bir belə tədbirin təşkili ən yüksək rəylər qazanıb. Biz hər bir məsələyə çox məsuliyyətlə yanaşırıq və Azərbaycanın maraqlarını, beynəlxalq imicini üstün tutaraq, ölkəmiz və xalqımız üçün layiqli nailiyyətlər əldə etməyə çalışırıq. Son illər Azərbaycanın paytaxtında bir çox böyük beynəlxalq idman yarışları – həm Avropa, həm də dünya çempionatları keçirilir. Ümumi rəyə görə bu tədbirlər təşkilati baxımdan çox yüksək səviyyədə hazırlanır və keçirilir. 2015-ci ildə Bakıda birinci Avropa Oyunları böyük uğurla keçirilmişdi. Bu Oyunlar Avropanın Olimpiya tarixində yeni səhifə açmışdı. Ümumi rəyə görə Azərbaycan dövləti birinci Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində təşkil etmişdir. Ümidvaram ki, IV İslam Həmrəyliyi Oyunları da mükəmməl hazırlanmışdır və keçirilmiş Oyunlar kimi tarixdə qalacaqdır.

Azərbaycan müsəlman aləminin ayrılmaz hissəsidir. Azərbaycan bütün müsəlman ölkələri ilə əlaqələrini dostluq, qardaşlıq, qarşılıqlı hörmət əsasında qurur və bu sahədə böyük uğurlara nail olub. Əfsuslar olsun ki, bir sıra müsəlman ölkələrində müharibə gedir, yeni münaqişələr, təhlükələr yaranır, İslam dinini terrorla əlaqələndirən güclərin sayı artır. Heç bir dinin, o cümlədən İslam dininin terrorla heç bir əlaqəsi ola bilməz. Din özü-üzlüyündə terroru rədd edən amildir və İslam dini sülh, mərhəmət dinidir. Hesab edirəm ki, bütün müsəlman aləminin bir araya gəlməsi, dostluq, qardaşlıq, sülh, əməkdaşlıq amilləri ətrafında birləşməsi həm böyük bir idman bayramına çevriləcək, həm də müsəlman aləmində, müsəlman ölkələri arasında olan əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.

Ölkəmiz artıq bütün dünyada idman məkanı kimi tanınıb. Azərbaycanda idmanın, Olimpiya hərəkatının inkişafına dövlətimizin verdiyi dəstək bütün dünya tərəfindən çox yüksək qiymətləndirilir. Aparılan siyasətin nəticəsi isə göz qabağındadır. İlk növbədə, bu, əlbəttə ki, Azərbaycan idmançılarının son illər ərzində əldə etdikləri nailiyyətlərdir. Ötən il Rio Yay Olimpiya Oyunlarında bizim idmançılarımız 18 medal qazanaraq medalların sayına görə müsəlman ölkələri sırasında birinci yeri tutmağa nail olmuşlar. Siz yaxşı xatırlayırsınız ki, birinci Avropa Oyunları zamanı bizim yığma komandamız 56 medal qazanaraq ikinci yeri tutmuşdur. Əlbəttə, belə nəticələrlə bütün xalqımız fəxr edir və bu, Azərbaycan dövlətinin potensialının, Azərbaycan xalqının qabiliyyətinin göstəricisidir. Ümidvaram ki, IV İslam Həmrəyliyi Oyunları zamanı da idmançılarımız bizi sevindirəcəklər, bizə qələbə sevinci bəxş edəcəklər.

Oyunlarda 57 ölkəni təmsil edən 3 mindən çox idmançının iştirakı gözlənilir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxta qədər keçirilən İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmamışdır. Atletlər 10 gün ərzində 16 yarış məkanında 23 idman növü üzrə mübarizə aparacaqlar, Oyunların sonunda 1600 medalın təqdim edilməsi nəzərdə tutulub. Yarışlar 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacaq. IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə, ümumilikdə 1 milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir.

Oyunların uğurla keçirilməsində könüllülərin rolu xüsusi yer tutur. Hamımız yaxşı xatırlayırıq ki, birinci Avropa Oyunları zamanı bizim gənclər çox gözəl, çox bacarıqlı, peşəkar iş nümayiş etdirdilər. Oyunlar zamanı onların xidməti bir çox qurumlar - həm beynəlxalq, həm də yerli qurumlar tərəfindən xüsusi vurğulandı. İslam Həmrəyliyi Oyunlarının keçirilməsində 8 mindən çox könüllü iştirak edir və əminəm ki, bu dəfə də gənclərimiz öz vətənpərvərliyini, peşəkarlığını, qonaqpərvərliyini, bacarıq və zəkalarını nümayiş etdirəcəklər.

Bu günə qədər Təşkilat Komitəsi tərəfindən Oyunların uğurla keçirilməsi üçün bir çox tədbirlər görülüb və ümumiyyətlə, demək olar ki, şəhərimiz Oyunların açılışına hazırdır.

Nəqliyyat sisteminin koordinasiyası ən vacib məsələlərdən biridir. Bunu keçmiş təcrübəmizdən də bilirik və biz burada bir neçə istiqamətdə çalışmalıyıq. İdmançıların idman obyektlərinə vaxtında və təhlükəsiz çatmaları, tamaşaçıların müxtəlif idman infrastrukturlarına gediş-gəlişi və əlbəttə, Oyunlar zamanı şəhər sakinlərinin rahat hərəkət etməsi təmin olunmalıdır. Əlbəttə, ümumi təhlükəsizlik məsələlərinə xüsusi diqqət göstərilməlidir. İnformasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunması, turizm marşrutlarının və mədəni proqramların tərtib edilməsi kimi məsələlərə diqqət yetirilməlidir. Hərtərəfli tibbi xidmətin təmin edilməsi vacibdir. Bir sözlə, heç bir məsələ diqqətdən kənarda qalmamalıdır.

Qeyd etdiyim kimi, bu gün bizim son iclasımızdır. Gərək biz əmin olaq ki, bütün məsələlərə diqqətlə yanaşmışıq və Oyunların ölkəmizdə uğurla keçməsinə tam şəkildə hazırıq. Məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda ən layiqli səviyyədə keçirilməsidir. Bunun üçün bütün şərait var. Dövlət tərəfindən dəstək var. Təşkilat Komitəsi çox uğurla çalışıb, komanda var, könüllülər hazırdır. Əminəm ki, ölkəmizin zəngin, şanlı tarixində növbəti mühüm nailiyyəti əldə edə biləcəyik.

x x x

Sonra gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, daxili işlər naziri Ramil Usubov, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli çıxış edərək görülən işlər barədə məlumat verdilər.

x x x

İclasa yekun vuran Təşkilat Komitəsinin sədri Mehriban ƏLİYEVA dedi:

-Təşəkkür edirəm. Başqa çıxış etmək istəyən varmı? Biz burada bütün məsələlərə diqqət yetirməliyik. Bir daha qeyd edirəm ki, bu, Oyunların rəsmi açılışından əvvəl bizim son görüşümüzdür. Gərək əmin olaq ki, heç bir məqam, heç bir məsələ diqqətimizdən kənarda qalmayıb. Ona görə də əgər hansısa sahələrdə həllini tapmayan məsələlər varsa, buyurun, biz indi bütün bu məsələləri müzakirə edib çıxış yolunu tapmalıyıq. Kimsə bir söz demək istəyirmi?

Mən bir daha qeyd etmək istərdim ki, Təşkilat Komitəsi Oyunların hazırlığına çox ciddi yanaşıb, artıq böyük iş görülüb. Bugünkü iclasımız da onu göstərir ki, ölkəmiz və paytaxtımız Oyunların qəbuluna və ən yüksək səviyyədə keçirilməsinə tam hazırdır. Biz “dünya standartlarına uyğun” kəlməsindən tez-tez istifadə edirik. Mənə elə gəlir ki, biz son illər artıq Azərbaycanın standartlarını yaratmışıq. Siz də xaricdə keçirilən bir çox beynəlxalq tədbirlərdə iştirak edirsiniz. Müqayisə etmək üçün imkanınız olur. Biz çalışırıq ki, hər bir tədbiri hərtərəfli hazırlayaq. Bu sahədə bizim artıq böyük təcrübəmiz var. Ölkəmizdə bir çox sahələri əhatə edən beynəlxalq tədbirlər keçirilir. Gələcəkdə də belə tədbirlərin keçirilməsi üçün bir çox müraciətlər var. Yəni, artıq beynəlxalq aləmdə Azərbaycanın bu sahədə imici formalaşıb. Bizə müraciət edən beynəlxalq qurumlar əmindirlər ki, Bakıda, Azərbaycanda keçirilən böyük beynəlxalq tədbirlər doğrudan da bütün tələblərə - həm təhlükəsizlik tələblərinə, həm də təşkilati tələblərə cavab verəcək. Bir daha deyirəm ki, bu, ilk növbədə, Azərbaycan dövlətinin potensialının və Azərbaycan xalqının qabiliyyətinin göstəricisidir.

Mən sizin hər birinizə gördüyünüz işlərə görə dərin minnətdarlığımı bildirirəm. Müvafiq strukturlarda aparılan işlərə görə minnətdarlığımı bildirirəm. Mən çox şadam ki, bizim artıq formalaşmış komandamız var. Əgər yenə də birinci Avropa Oyunlarına qayıtsaq, əminəm ki, Oyunların uğurlu keçməsi, əlbəttə, ilk növbədə, cənab Prezidentin dəstəyi, bütün Azərbaycan xalqının dəstəyi və çox peşəkar komandamızın birgə əməyi nəticəsində başa gəlmişdir.

Siz bilirsiniz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Oyunlara hazırlığı daim diqqət mərkəzində saxlayır. Cənab Prezident son çıxışlarında Təşkilat Komitəsinin işini bir neçə dəfə çox yüksək qiymətləndirib. Bu, əlbəttə, bizim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Biz gərək bu etimadı tam gücümüzlə doğruldaq.

Bildiyiniz kimi, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Bu da öz növbəsində keçiriləcək Oyunların əhəmiyyətini gücləndirir. Əminəm ki, birgə səylərimizlə IV İslam Həmrəyliyi Oyunları uğurla keçiriləcək, Azərbaycanın tarixində növbəti bir qələbə kimi qalacaq. Bu Oyunlar həm böyük idman bayramına çevriləcək, həm də müsəlman aləmində dostluq, həmrəylik, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcək. Bir daha hər birinizə təşəkkür edirəm. Çox sağ olun.