Bakı Nəqliyyat Agentliyi yeni www.aeroexpress.az saytını istifadəyə verdi

08.12.2016 00:00

İri iqtisadi və inzibati mərkəz olan, Avropa və dünya miqyaslı bir sıra mötəbər tədbirlərə ev sahibliyi edən Bakı şəhərinin bugünkü simasına uyğun olaraq,paytaxtın nəqliyyat sisteminin və infrastrukturunun inkişafı,sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir.Son illər paytaxtımıza gələn turistlərinin sayının da artması nəqliyyat sistemində yeniliklərin və xidmətlərin tətbiqini zəruri edib.Hava yolu ilə paytaxtımıza gələn turistlərin şəhər mərkəzinə gediş-gəlişini asanlaşdırmaq üçün Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə “Hava limanı” - “28 may” express xətt avtobusu istifadəyə verildi.Express xətt avtobusundan əsasən ölkəmizə səyahət edən xarici ölkə vətəndaşlarının istifadə etməsini nəzərə alaraq,Bakı Nəqliyyat Agentliyi bu marşrut xətti ilə bağlı bütün məlumatları özündə əks etdirən internet resursu olan www.aeroexpress.az saytını istifadəyə verib.

Qeyd edək ki,Bakı Nəqliyyat Agentliyi yaxın vaxtlarda paytaxtın ictimai nəqliyyat şəbəkəsi ilə bağlı müfəssəl məlumatları və elektron xidmətləri əhatə edən daha bir neçə internet saytı istifadəçilərə təqdim edəcək.